Bizə “sistem əhəmiyyətli” banklar lazımdırmı? | TƏHLİL

   Bizə “sistem əhəmiyyətli” banklar lazımdırmı?    | TƏHLİL
  30 Aprel 2025    Oxunub:323
Mərkəzi Bankın (AMB) hansı bankların sistem əhəmiyyətli olduğuna dair yeni meyarları qüvvəyə minib. Adları içtimaiyyətə onsuz da bəlli olan həmin bankların sırası da qeyd edilib. Ölkədə “sistem əhəmiyyətli bank” anlayışı və bununla əlaqədar tələblər qanunvericiliyə ilk dəfə 2017-ci ildə daxil edilib. Meyarlar isə 2019-cu ildə təsdiqlənərək, tətbiq edilməyə başlanıb. Yeni meyarların fərqi ondan ibarətdir ki, bankın sistem əhəmiyyətliyini müəyyən edən indikatorların çəki dərəcələri dəyişdirilib, sayı artırılıb və hesablama metodologiyası təkmilləşdirilib.
Bundan sonra sistem əhəmiyyətli bank təkcə aktivlərinin həcmi ilə deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsi üzrə müvafiq göstəricilər nəzərə alınmaqla müəyyən ediləcək. Başqa sözlə, yeni ölçü göstəriciləri sırasına depozit portfelinin həcmi, bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankomatların, xidmət göstərilən POS-terminalların, habelə filialların sayı daxil olunub ki, bütün bunlar nəzərə alınması vacib amillərdir. Lakin toxunmaq istədiyim məsələ başqadır. Bəli, sistem bankların hansı banklara deyildiyi aydındır. Bəs ümumiyyətlə, belə bankların mövcud olması normaldırmı? Bu, nə dərəcədə qanuna uyğundur?

AMB-in açıqlamasında bildirilir ki, bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük demək deyil. "Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir",- açıqlamada qeyd olunub. Ancaq hesab edirəm ki, bu çox səhv yanaşmadır. Niyə?

Ölkədə hazırda 22 bank fəaliyyət göstərir. Keçən il üç bankın həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmə səviyyəsi artıb. 2023-cü illə müqayisədə həmin üç bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 faiz bəndi artaraq 67.4% təşkil edib. Aktivlər üzrə ən böyük üç bankın bazar payında nəzərəçarpan dəyişiklik baş verməyib (63%).

Yaxud digər rəqəmlərə nəzər salaq. Ölkədə bankların aktivlərinin həcmi 2025-ci ilin ilk rübündə təqribən 3.5% artımla 54 milyard 855.6 milyon manata yüksəlib. Reytinqə 14 milyard 330 milyon manatla ABB liderlik edir. Belə ki, hazırda ABB-nin ümumi bazar payı aktivlər üzrə 26% təşkil edir. İkinci sırada 12 milyard 448 milyon manatla “Kapital Bank” ASC dayanır. Üçüncü sırada 8 milyard 242 milyon manatla “PAŞA Bank” ASC gəlir.

Ümumilikdə bank sektoru üzrə təmərküzləşmə göstəricisini, yəni 22 bankın arasında cəmi 3-4-nün sistem əhəmiyyətli olmalarını diqtə edən daha bir statistika istehlak kreditləri ilə bağlıdır. 2025-ci il aprelin 1-də istehlak kreditləri portfeli üzrə ilk sırada 3 milyard 6.6 milyon manatla Kapital Bank qərarlaşıb. Adı çəkilən qurumun bu sahədə malik olduğu göstərici ilin əvvəlindən 2.3% artıb. İkinci yer 1 milyard 868.9 milyon manatla ABB-yə (artım: 3.9%), üçüncü yersə 612.7 milyon manatlıq portfellə “Unibank”a məxsusdur. Göründüyü kimi, qeyd olunan göstəriciyə görə də adları çəkilən banklar demək olar, eynidir. Belə şəraitdə bütövlükdə ölkənin bank sektorunu sağlam hesab etmək olarmı?! Sözsüz ki, yox.

Ümumiyyətlə, hesab edirəm, xüsusən maliyyə sektorunda sistem əhəmiyyətli qurumların meydana gəlməsi heç də yaxşı hal deyil və bu, tibbi dildə desəm, "xoşxassəli şiş" kimi xarakterizə edilməlidir. Bu cür törəmələrin hər an "xərçəngə çevrilmə" təhlükəsi mövcuddur. Necə ki, məlum 2014-2015-ci il böhranı nəticəsində ABB az qala dövlətin maliyyə sisteminin "belini qıracaqdı”. Çox maraqlıdır ki, biz hələ də bundan dərs götürməmişik. Niyə?!
Xatırladım ki, həmin böhran nəticəsində ortaya çıxan daha bir problem - problemli kreditlər məsələsi yalnız Dövlət başçısının müdaxiləsindən sonra həll edildi. Bütün bunları biz niyə unutmuşuq?!

AMB-nin açıqlamasında yazılıb ki, sistem əhəmiyyətli bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında məsuliyyəti artıq olur. Bu isə belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Həqiqətənmi belədir?! Faktiki olaraq, xeyr. Niyə? Çünki sözügedən banklar dövlətə arxalanır və lazım gəldikdə dövlətdən dəstək də görürlər. Belədə hansı məsuliyyətdən söhbət gedə bilər?!

Adi bir məsələyə toxunum. Aprelin 24-də Maliyyə Nazirliyi büdcə vəsaitlərini daha səmərəli idarə etmək məqsədilə vahid xəzinə hesabında milli valyutada olan sərbəst qalığı yerli banklarda depozitə yerləşdirmək üçün depozit hərracı keçirib. Hərracın nəticəsinə əsasən, vahid xəzinə hesabında 500 milyon manat həcmində olan sərbəst qalıq kapitallaşma və aktivlərin məbləğ səviyyəsinə görə ölkənin ən iri 5 bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Bu, Maliyyə Nazirliyi tərəfindən keçirilən sayca ikinci hərrac idi. İlk belə hərrac isə 11 apreldə keçirilmişdi. Həmin hərracın nəticəsinə görə, vahid xəzinə hesabının 1 milyard manat sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilmişdi.

Bəli, Nazirliyin sözügedən addımını dövlət büdcəsi vəsaitləri üzrə sərbəst qalıqların əlavə gəlir gətirmək və daxilolmalar formalaşdırmaq baxımından müsbət qiymətləndirmək lazımdır. Bu, böyük əhəmiyyətə malikdir və alqışlanmalıdır.
Lakin göstərilən məbləğdə vəsaitlərin məhz “sistem əhəmiyyətli” banklarda yerləşdirilməsi həmin banklara dövlət dəstəyi xarakteri daşımırmı?! 1,5 milyard manat vəsait məgər 4-5 deyil, heç olmasa sayca 10-15 bank arasında bölüşdürülərək yerləşdirilə bilinməzdimi?! Təbii ki, yerləşdirilə bilinərdi. Ancaq bu, istənilən effekti verə bilməz, üstəlik, həm də təhlükəli xarakter daşıyır. Çünki 22 bankdan 5-6-sı istisna olmaqla, digərləri potensial risk altındadırlar...

Düzdür, AMB bəyan edir ki, bank sektoru üzrə təmərküzləşmə daim diqqətdə saxlanılır. Məsələn, məcburi ehtiyat normaları üzrə yeni qaydaların tətbiqi, yəni iri, təmərküzləşməyə meyilli bankların daha çox məcburi ehtiyatlar yaratmalı olduqları tələbi həqiqətən, həmin bankların xərclərini artırıb. Lakin, təkcə bu kimi addımlar sektor üzrə bazar göstəricilərinə və rəqabət vəziyyətinə müsbət təsir göstərə bilməzlər!
Ümmumiyyətlə, ölkənin bank sektorunda təmərküzləşmə prosesi qarşısında çoxsaylı maneələr yaratmadan - müvafiq sədlər çəkmədən,- onların likvid şəraitinə əlavə dəstək həyata keçirməklə bazarda konsentrasiyanın artması, effektiv rəqiblərin sayının azalması, bazara giriş üçün yaradılan maneələrin və innovasiyalara stimulun azalması kimi mənfi nəticələrin qarşısını da almaq mümkün deyil və ola da bilməz.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Bank  





Xəbər lenti